Zəlzələnin proqnozlaşdırılması
Zəlzələnin proqnozlaşdırılması- zəlzələnin proqnozu onun yerinin, intensivliyinin və zamanının öncədən xəbər verilməsidir.
Zəlzələ olacağını əvvəlcədən söyləmək qədim zamanlardan insanları maraqlandırsa da bu məsələ hələ də özünün elmi həllini tapmamışdır. Zəlzələ ocağı ətrafında kifayət qədər fiziki, kimyəvi, bioloji, metroloji və s. dəyişikliklər haqqında kifayət qədər məlumatlar olmasına baxmayaraq bu elmi nəticələr sintez olunaraq mükəmməl zəlzələ ocağı modeli yaradılmamışdır. Bu səbəbdən də zəlzələnin nə zaman, harada, hansı güclə baş verəcəyini hələlik dəqiqliklə söyləmək mümkün deyil.
Zəlzələ proqnozu ehtimal xarakterli olub bir çox amillərdən asılıdır:
Ərazinin geoloji-geofiziki şəraitinin ətraflı öyrənilməsi
Seysmik hadisələrin uzunmüddətli statistikası
Yer qabığının (və ya litosferin) uzun müddətli çox parametrli sıx monitorinqi
Müxtəlif geofiziki sahələrdə, atmosferdə, hidrosferdə hr bir seysmik hadisədən öncə baş verən dəyişikliklərin retrospektiv analizi
Zəlzələlərin proqnozu xəbər vermə müddətindən asılı olaraq uzunmüddətli (10 ildən artıq), orta müddətli (1 ildən 10 ilə qədər), qısa müddətli (1 həftədən 1 ilə qədər) və operativ (1 saatdan 1 həftəyə qədər) ola bilər. Uzun müddətli proqnoz seysmoaktiv zonalar üçün qurulmuş təkrarlanma qrafikinin analizi əsasında aparılır. Qrafikdə istifadə olunan statistik məlumatlar böyük zamanı əhatə etdikcə zəlzələlərin təkrarlanma periodu və müvafiq olaraq müəyyən intensivlikli zəlzələnin baş verməsinə qədər olan zaman daha dəqiq təyin edilir.
Potensial güclü zəlzələnin yeri keçmişdə baş vermiş güclü zəlzələlərin əlaqədar olduğu aktiv geoloji strukturların öyrənilməsi əsasında müəyyən edilir.
Orta müddətli, qısa müddətli və operativ proqnozlar zəlzələdən öncə Yer qabığı suxurlarının fiziki xüsusiyyətlərində müşahidə edilən dəyişikliklərlə ehtimal olunan zəlzələlərin yeri, intensivliyi və vaxtı arasında müəyyənləşdirilən əlaqələr əsasında verilir.